Salam,əziz həmvətənlərim!

Milli Dərsə xoş gəlmisiniz!

Artıq neçə ildir Niderlandda yaşasam da, ürəyim hər zaman Azərbaycanladır. Çünki,yaşa dolduqca, doğma ölkəmizin nə qədər gözəl və bənzərsiz olduğuna bir daha əmin oluram. Bunu, ilk növbədə, Azərbaycanımızın zəngin dilinə, tarixinə və mədəniyyətinə aid edirəm. Bizim, həqiqətən də, çox qədim və əsrarəngiz irsimiz var ,və, şükürlər olsun ki, onu bu günədək qoruyub saxlamışıq.

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Şəxsən mənim üçün Vətəndən uzaqda dilimizi, tariximizi və mədəniyyətimizi nəinki unutmamaq, əksinə,onu yaşadığın ölkədə tanıtmaq çox önəmlidir. Düşünürəm ki, bu tanıtıma biz uşaqlarımızdan başlamalıyıq. Lakin çoxunuzun uşaqlarla bu istiqamətdə məqsədyönlü məşğul olmağa vaxtı və ya enerjisi yoxdur. Bu isə normaldır, çünki gündəlik qayğılar bizim həddindən çox zamanımızı alır.

Yaratdığım Milli Dərs layihəsinin əsas məqsədi qürbətdə yaşayan azərbaycanlı valideynlərimizə, məhz, bu işdə kömək etməkdir. 17 mövzudan ibarət olan və Azərbaycanın ən peşəkar mütəxəssislərini,  ali və orta məktəb müəllimlərini bir araya gətirən bu layihə sayəsində Vətəndən uzaqda böyüyən məktəb yaşlı uşaqlarımız doğma ölkəmizin dili, tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaq. Lap balacalar isə bizimlə birgə oyunlar vasitəsilə xalq nağılları, uşaq mahnılarını  və şeirlərimizi öyrənəcəklər.

Mən inanıram ki, Milli Dərslərimiz sayəsində gürbətdə böyüyən uşaqlarımız gələcəkdə Azərbaycanımızı dünyanın istənilən ölkəsində layiqincə təmsil edəcək və tanıdacaq. Bundan əlavə, virtual aləmdə mənfur düşmənlərimiz və onların tərəfdaşları ilə daim apardığımız informasiya savaşına qatılan, Azərbaycan barədə daha da dərin biliklərə malik olan yeni nəsil yetişəcək.

Milli Dərsiniz uğurlu olsun!
Sizlərə dərin sevgi və hörmətlə,
Sevinc Əliyeva

yaz@milliders.com


irəli

geriyə